Əsas Səhifə Ölkə Daxili Xəbərlər Qətliamın rəsmi açıqlaması!
Qətliamın rəsmi açıqlaması!

 

Dünən günün sonunda Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən qanlı qətliamla  bağlı səlahiyyətli nazirliklərin rəsmi açıqlaması yayıldı. Həmin açıqlamada qətliamın motivi göstərilməsə də, bir çox suallara aydınlıq gətirildi. Lakin hələ də açıq qalan suallar var. Həmin açıqlamada deyilir:

«İstintaq qrupu tərəfindən hadisə yeri və Dövlət Neft Akademiyasının 2-ci korpusu tam müayinə olunmuş, maddi sübut kimi cinayəti törətmiş şəxsin üzərində olan «Makarov» tapançası, patron, giliz, qan nümunələri və digər maddi sübutlar götürülərək çoxsaylı ekspertizalar keçirilib. Müəyyən olunub ki, cinayəti törətmiş Fərda Əsəd oğlu Qədirov 1980-ci ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olub, uzun müddət Rusiya Federasiyasında yaşamaqla 2008-ci ilin oktyabrında doğulduğu kəndə qayıdıb. 2009-cu il martın 12-də «Marneuli-Bakı» sərnişin avtobusunun sürücüsünün köməkçisi işləyən Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin şəhərdə görüşən Fərda Qədirov Bakıda kirayə mənzil axtardığını bildirib. Ariz Qabulov paytaxtın Nizami rayonu, Çobanzadə küçəsində yerləşən, qardaşı - Marneuli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili ona kirayəyə verməyə razılaşıb. Ertəsi gün onlar avtobusla Bakıya gəlmiş və Fərda Qədirov həmin mənzili təhvil almışdır. Həmin ünvanda aparılmış axtarış zamanı mənzildən hər biri bir ədəd olmaqla 9 mm kalibrli patron, üzərində canavar təsviri olan sintetik materialdan hazırlanmış qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri aşkar edilib götürülüb. Ariz və Arif Qabulov qardaşlarının baş vermiş cinayətdə əlaqələrinin olub-olmaması yönümündə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayətin törədilməsində Fərda Qədirovun köməkçisi qismində iştirak etmiş həmkəndlisi Nadir Şirxan oğlu Əliyev müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Araşdırmalar göstərmişdir ki, Fərda Qədirov Qazax rayonu, Daş Salahlı kənd sakini Mədət Qafur oğlu Kazımovun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlamışdır. Sonuncu martın 15-də Bakı şəhərinə gələrək Fərda Qədirovla mütəmadi görüşmüşdür.
Nadir Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə aprelin 30-u saat 9.30 radələrində odlu silahla silahlanmış Fərda Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak etmişdir. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Nadir Əliyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə cinayəti törətmiş Fərda Qədirovla qohumluq əlaqələri olan və hadisədən əvvəl onunla müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Fərman oğlu Amirov da müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Onun yaşadığı mənzildə aparılmış axtarışla «AKM» avtomatına və «Makarov» tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram çəkidə narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Cavidan Amirovun barəsində də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun törədilmiş cinayətlə əlaqəsinin olub-olmaması müəyyənləşdirilir. Hadisə ilə bağlı 300-dən artıq şahid, o cümlədən hadisəni mobil telefonlarının videokamerasına yazmış şəxslər müəyyən edilərək dindirilib və müvafiq videoçəkilişlər onlardan götürülüb. Xüsusi qeyd olunmalıdır ki, maddi sübut olan giliz və güllələrin ilkin tədqiqatı nəticəsində onların yalnız bir silahdan - «Makarov» tapançasından atıldığı müəyyən edilmiş, habelə hadisə yerində digər hər hansı silah və ya giliz aşkarlanmayıb. Aparılmış ekspert müayinələri ilə tapılmış giliz və güllələrin Fərda Qədirovun üzərindən götürülmüş «Makarov» tapançasından atıldığı, eləcə də onun cinayətdə istifadə etdiyi məhz bu silahla gicgah nahiyəsinə bir atəş açmaqla özünü öldürməsi sübuta yetmişdir.
Hadisənin şahidləri və zərərçəkmişlər Fərda Qədirovun tanınmaya təqdim edilmiş fotoşəkli əsasında cinayətin məhz onun tərəfindən törədildiyini birmənalı olaraq göstərmişlər. Həmçinin bu qanlı cinayəti törədənin atası Rusiya Federasiyasında yaşayan Əsəd Qədirov da tanınma üçün təqdim edilmiş meyitin oğlu Fərda olduğunu təsdiqləmişdir. Bütün bunlara baxmayaraq, son günlər sözügedən cinayətlə əlaqədar bəzi kütləvi informasiya vasitələrində bir çox hallarda peşə davranışı qaydalarına riayət olunmadan, bəzən də hadisə barədə insanlarda yanlış fikirlər, cəmiyyətdə çaşqınlıq yaradan və reallığa söykənməyən məlumatlar yayılır. Qərəzli şəkildə və ya bilməyərəkdən ortaya çıxan belə məlumatlar bu ağır cinayətdə bəzi xarici qüvvələrin iştirakının olub-olmaması fərziyyəsinin yoxlanılıb əsl həqiqətin müəyyən edilməsinə maneçilik törədən zərərli cəhdlər kimi qiymətləndirilir. O da qeyd olunmalıdır ki, məhkəmə-ballistik ekspertiza ilə Fərda Qədirovun üzərindən götürülmüş «Makarov» tapançasından Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin qəsdən öldürülməsində istifadə olunması təsdiqlənməmişdir. Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir. Müvafiq cinayət işi ilə əlaqədar istintaq-əməliyyat qrupunun müəyyən etdiyi digər zəruri məqamlar barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcəkdir". 

Bundan əlavə;

Qanlı qətliamın törədicisi Fərda Qədirovun cəsədinin digər ölkələrdə olduğu kimi ağır cinayət törətdiyinə görə yandırılması təklif edilir. «İnsanlıq adına yaraşmayan əməllər törədən, öz vəhşiliklərilə yırtıcı heyvanlardan seçilməyən cinayətkarların cəsədləri (cəmdəkləri) məhz onlara yaraşan tərzdə torpağa gömülməli, yaxud yandırılaraq natəmiz məkana atılmalı, bu prosesin ümumilikdə necə həyata keçirildiyi barədə isə ictimaiyyətə məlumat verilməlidir».

 

Günün Əsas Xəbərləri


ilham1.jpg
11/05/2009 20:18
mamont.jpg
08/05/2009 18:19
ilk%20avropali.jpg
08/05/2009 18:00
ipoteka.jpg
08/05/2009 10:48
08/05/2009 10:36
05/05/2009 12:30
04/05/2009 17:33
04/05/2009 17:10
04/05/2009 16:35
04/05/2009 16:16
04/05/2009 15:27
04/05/2009 14:20
03/05/2009 23:58
03/05/2009 23:19
01/05/2009 00:05
30/04/2009 17:39
29/04/2009 18:21
29/04/2009 18:09
29/04/2009 17:33
29/04/2009 17:24