|
“Palmali” Şirkətlər Qrupunun prezidenti, “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov son günlər ona ünvanlanmış müraciətlərə və bəzi yazılara cavab verib.
“Son günlər bəzi qruplar klubun rəhbərliyi ilə məşqçilərini istefaya göndərmək kimi tələblər irəli sürür, onların başqaları ilə əvəz olunmalarını tələb edirlər. Əvvəla, xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu və buna bənzər tələblərlə çıxış edən tərəfdarları mən klubun həqiqi tərəfdarları kimi yox, onları çoxminli fanatlarımızla rəhbərlik arasına nifaq salan öyrədilmiş insanlar olaraq görürəm. Digər tərəfdən, əgər bu kluba mən və Mənsimovlar ailəsindən daha çox iş görə biləcəklər varsa, biz öz yerimizi tərəddüt etmədən onlara buraxarıq. Çünki, ”Xəzər-Lənkəran"a daha çox xidmət edəcək, daha böyük uğrlar yaşadacaq birinin rəhbərlik etməsi mənim üçün böyük fəxr olar. Mənsimovların “Xəzər-Lənkəran”dan ayrılması qərarını da mən əziz tərəfdarlarımıza buraxıram". M.Mənsimov “Xəzər-Lənkəran”ın uğursuz çıxışını da təbii qarşılayır: “Futbol bir oyundur, onun gözəlliyi bəzən də nəticənin gözlənilməz olmasındadır. Təbii ki, bizim kimi böyük bir klubun hədəfi də hər zaman böyük olmalıdır. Lakin bəzən müxtəlif səbəblər üzündən müəyyən sapmalar olur. Rəhbərliyin vəzifəsi olaylara anında müdaxilə edib, doğru qərarlar verməsidir. Bu gün bizim çempionatda baş verənlərin bənzəri Türkiyədə görünür. Ölkənin 2 ən köklü və ən güclü klubu - ”Qalatasaray" və “Fənərbaxça” çempionluq yarışından çıxıblar. Bu iki klubun büdcəsi bütün türk liqasının büdcəsindən çoxdur. Amma Türkiyədə tərəfdar hamını birdən istefaya çağırmır, ləkə yaxmır, iftira atmır. Sadəcə olaraq konstruktiv təklifi varsa, onu irəli sürür. Mən və ailəm “Xəzər-Lənkəran”ın hələ çox qələbələri olacağına inanır".
|