Sponsorluq

Balıq Xörəkləri

 

Lənkəransayağı qızardılmış balıq, Balıq dolması, Kütüm ləvəngi, Nərə balığından kabab, Qızardılmış qızıl balıq, Öz buğunda bişirilmiş kütüm, Təndirdə bişirilmiş Lənkəransayağı çəki balığı, Təndirdə qızardılmış kütüm, İçi doldurulmuş çəki balığı, Lənkəransayağı suf balığının hazırlanma qaydası və lazım olan vəsaitlər!

 

Lənkəransayağı Qızardılmış Balıq

Balıq - 248q, buğda unu - 10q, ərinmiş yağ - 25q, baş soğan - 40q, pomidor - 50q, lumu - 10q, cəfəri - 15q, istiot, duz.

Çapaq balığı təmizlənir, tikələrə doğranır. Balıq tikələrinə istiot və duz vurulur, un içərisində urvalanıb hər iki tərəfi tavada qızardılır. Qızardılmış balıq bir neçə dəqiqə qızdırıcı şkafa qoyulub hazır vəziyyətə çatdırılır. Süfrəyə verilən zaman balıq qızartması boşqaba qoyulub yanına halqavari doğranmış baş soğan, pomidor və lumu dilimləri düzülür, üstünə cəfəri göyərtisi səpilir.

 

 

Balıq Dolması

Balıq əti - 150q, soğan - 10q, üzüm yarpağı - 45q, keşniş - 20q, qatıq -50q, istiot duz.

Balığın (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur.

 

Kütüm Ləvəngi

Təzə kütüm – 253 q, qoz ləpəsi – 50 q, baş soğan – 30 q, ərinmiş yağ – 10 q, zoğal axtası – 25 q, kişmiş – 50 q, duz.

Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmuş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikilərə doğranır.

 

Nərə Balığından Kabab

Nərə balığı - 347q, bitki yağı - 5q və ya xama - 10q, baş soğan - 24q, göy soğan - 32q, təzə pomidor - 100q, lumu - 1/5 əd., narşərab - 5q, sumaq - 1q, istiot - 0,1q, duz.

Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan vəl umu dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.

 

 

Qızardılmış Qızıl Balıq

Qızıl balıq - 248q, buğda unu - 10q, ərinmiş yağ - 25q, baş soğan - 40q və ya göy soğan - 50q, narşərab - 5q, cəfəri - 15q, istiot - 0,1q, duz.

Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırığı şkafda bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur.

 

 

Öz Buğunda Bişirilmiş Kütüm

Təzə kütüm - 253q, ərinmiş yağ - 15q, baş soğan - 30q, quru alça - 3q, lavaşana - 5q, keşniş - 15q, istiot - 0,1q, duz.

Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavşana, su və istiot tökülüb öz buğunda bişirilir..Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir.
İçi doldurulmuş xəşəm: Məhsulların miqdarı və haırlanması qaydası kütüm ləvəngidə olduğu kimidir.

 

 

Təndirdə Bişirilmiş Lənkəransayağı Çəki Balığı

Çəki balığı - 250q, baş soğan - 40q, lumu - 15q, cəfəri - 15q, istiot, duz.

Çəki balığı təmizlənir, istiot və duz vurulub bütöv şəkildə təndirdə bişirilir. Süfrəyə verildikdə yanına dairəvi doğranmış lumu dilimləri və baş soğan qoyulur, cəfəri göyərtisi səpilir.

 

 

 

Təndirdə Qızardılmış Kütüm

Kütüm balığı - 250q, pomidor - 50q, xiyar - 50q, baş soğan - 30q, keşniş göyərtisi - 15q, narşərab - 15q, istiot, duz.

Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təə tərəvə qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir.

 

 

İçi Doldurulmuş Çəki Balığı

Çəki balığı – 253 q, qoz ləpəsi – 50 q, baş soğan – 30 q, ərinmiş yağ – 10 q, zoğal axtası – 25 q, kişmiş – 50 q, duz.

Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmuş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikilərə doğranır.

 

 

Lənkəransayağı Suf Balığı

Təzə suf - 350q, buğda unu - 10q, ərinmiş yağ - 35q, baş soğan - 50q, cəfəri - 15q, lumu - 1/5 əd., istiot - 0,1q, duz.

Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavari doğranmış baş soğan, lumu dilimi qoyulur, üstünə yağ tökülür və göyərti səpilir.

 

 

 

 

Mənbəə : Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi