|
Lənkəransayağı qaşqaldaq, Qiymə çığırtma, Təndirdə qızardılmış cücə, Həvəskar qovurması, Boz qovurma, Nar qovurma, Turşu qovurma, Cız-bız, Gəncə çığırtması, Tava əti, Alçalı-lumulu qovurma, Badımcan çığırtması, Qızardılmış turac, Arzuman küftəsi, Rizə küftə, Azərbaycansayağı ət qızartması, Səbzi qovurma, Yayma, Əzmə, Övriştə, İspanaq çığırtmasının hazırlanma qaydası və lazım olan vəsaitlər! Lənkəransayağı Qaşqaldaq Qaşqaldaq - 250q, xama - 10q, pomidor - 50q, lumu - 15q, nar - 20q, istiot, duz.
Qaşqaldaq təmizlənir, istiot və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda közərmiş kömür üzərində və ya təndirdə qızardılır. Qızardılmış qaşqaldaq boşqaba qoyulur, yanına pomido, lumu dilimləri, nar dənələri və göyərti düzülür. Qiymə Çığırtma Qoyun əti – 163 q, baş soğan – 40 q, ərinmiş yağ – 25 q, yumurta – 2 əd., şüyüd – 12 q, zəfəran – 0,1 q, istiot – 0,11, duz.
Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zə`fəran vurulub yağda qovrulur. Qiymənin üstünə çalınmış yumurta vurulub qızdırıcı şkafda bişirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir. Təndirdə Qızardılmış Cücə Cücə - 200q, xama - 10q, lumu - 15q, pomidor - 50q, baş soğan - 30q, keşniş və cəfəri - 25q, istiot, duz.
Emal edilmiş bütöv cücəyə duz, istiot vurulur və şişə taxılır. Səthinə xama sürtülür, təndirdə qızardılır. Hazır cücə başqaba qoyulur, doğranmış pomidor, lumu, baş soğan və göyərti ilə bəzədilir. Həvəskar Qovurması Qoyun əti - 300q, ərinmiş yağ - 30q, baş soğan - 50q, pomidor - 100q, zəfəran - 0,05q, istiot, duz.
Qoyun əti 40-50 qramlıq çox da böyük olmayan sümüklü tikələrə doğranır, duz və istiot vurulub tavada yağ içində qızardılır. Üzərinə qızardılmış soğan, zəfəran şirəsi və bir qədər bulyon tökülüb hazır vəziyyətə çatdırılır. Pomido iki yerə bölünüb yağda qızardılır. Süfrəyə paylıq tavada, qovurmanın yanına qızardılmış pomidor qoyulur. Boz Qovurma Qoyun əti - 163q, ərinmiş yağ - 30q, baş soğan - 50q, zəfəran - 0,1q, keşniş və şüyüd - 15q, duz.
Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir. Nar Qovurma Qoyun əti - 330q, ərinmiş yağ - 30q, nar - 50q, şabalıd - 180q, baş soğan - 100q, zəfəran - 0,05q, keşniş və şüyüd - 15q, istiot - 0,1q, duz.
Qoyun əti 60-70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılır. Üzərinə yağda qızardılmış soğan, təmizlənmiş şabalıvd, bulyon və zəfəran şirəsi lavə edib öz buğunda bişirirlər. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir. Turşu Qovurma Qoyun əti - 221q, ərinmiş yağ - 25q, baş soğan - 60-q, gavalı qurusu - 25q, istiot - 0,1q, duz.
Qoyun əti 15-20 qramlıq tikələrə doğranır, duzlanır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üstünə göyərti səpilir. . Hazır olmasına 30 dəq. qalmış gavalı əlavə edilir. Alçalı-Lumulu Qovurma Qoyun əti - 275q, ərinmiş yağ - 30q, baş soğan - 50q, quru alça - 20q, lumu - 1/5 əd., zəfəran - 0,05q, istiot - 0.1q.
Qoyun ətindən 25-30 qramlıq tikələr kəsilir, duz, istiot vurub soğanla qızardılır. Sonra azacıq bulyon, alça və zəfəran şirəsi qatılıb öz buğunda bişirilir. Paylıq tavada süfrəyə verilir, üstünə lumu dilimi qoyulur. Gəncə Çığırtması Qoyun əti - 220q, yumurta - 2 əd., baş soğan - 50q, ərinmiş yağ - 25q, qatıq - 50q, pomidor - 50q, lumu turşusu - 5q, keşniş və ya şüyüd - 15q, zəfəran - 0,05q, istiot, duz.
Qoyun ətindən 60-70 qramlıq tikələr kəsilir, qazana yığılır, bulyon və zəfəran şirəsi əlavə edilib öz buğunda bişirilir. Baş soğan ayrıca yağda qızardılır, üzərinə bişmiş qoyun əti düzülür, lumu turşusu qatılır. Qarışdırıldıqdan sonra üstünə çalınmış yumurta vurulur və hazır olunca bişirilir. Süfrəyə verdikdə çığırtmanı pomidordilimləri bəzəyir, üstünə doğranmış keşniş və şüyüd səpilir. Yanına ayrıca qatıq qoyulur. Cız-bız Qoyun bağırsağı (şirin bağırsaq) - 140q, ürək - 60q, qara ciyər - 67q, böyrək - 60q, mayalıq - 50q, baş soğan - 50q, kartof - 193q, quyruq - 15q, göyərti - 5q, sumaq - 1,0q, istiot - 0,1q, duz. Yay fəslində 100q pomidor.
Təmizlənmiş qoyun bağırsağı 2-3 sm uzunluğunda doğranır. Qaraciyər, böyrək, ürək və mayalıq da doğranır, duz, istiot vurularaq birlikdə qovrulur. Sonra buna dilim şəklində doğranmış soğan və ayrıca uzunsov doğranılıb qızardılmış kartof əlavə edilir v əvə hazır vəziyyətə gətirilir. Süfrəyə verdikdə üstünə göyərti səpilir, yanına sumaq qoyulur. Tava Əti Qoyun əti - 220q, ərinmiş yağ - 30q, baş soğan - 40q, kartof - 100q, badımcan - 60q, qabaq - 50q, pomidor - 50q, xiyar - 30q, istiot, duz.
Qoyun əti tikələrə kəsilir, duz və istiot vurulub qəzardılır. Azacıq bulyon, yağda qızardılmış soğan əlavə edilib öz buğunda bişirilir. Tərəvəzlər - kartof, badımcan, qabaq təmizlənir, ayrıca qızardılır və qoyun ətinə qatılır. Süfrəyə verdikdə təzə pomidor və xiyarla bəzədilir. Badımcan Çığırtması Badımcan - 250q, baş soğan - 50q, ərinmiş yağ - 25q, yumurta - 2əd., cəfəri - 15q, istiot - 0,1q, duz.
Badımcanın qabığı soyulub yarımhalqavari doğranır, duz vurulur və acı suyu çıxarılır. Badımcanı yağda qızardılmış soğana əlavə edib öz buğunda qovurub, üstünə çalınmış yumurta vurulur və qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə üstünə yağ tökülür və göyfərti səpilir. Qızardılmış Turac Turac - 280q, xama - 10q, baş soğan - 30q, pomidor - 50q, xiyar - 50q, cəfəri və keşniş göyərtisi - 30q, istiot, duz.
Turac təmizlənir, istio və duz vurulur. Üzərinə xama sürtülüb şişə taxılır. Manqalda və ya təndirdə qızardılır. Qızardılmış turac şişdən çıxarılıb başqaba qoyulur, yanına doğranmış baş soğan, pomidor, xiyar və göyərti düzülür. Arzuman Küftəsi Qoyun əti - 163q, ərinmiş yağ - 40q, baş soğan - 30q, yumurta - 1 əd., keşniş - 15q, sumaq - 5q, istiot, duz.
Qoyun ətinin bud hissəsindən baş soğanla qiymə hazırlanır, duz, istiot vurulub soyudulur. Qiymədən iri küftələr hazırlanır, içərisinə bərk bişirilmiş 1 ədəd yumurta qoyulur və yumurlanır. Küftələr bulyonda zəif Alov üzərində bişirilir. Süfrəyə verdikdə üstünə doğranılmış göyərti səpilir, yanına ayrıca sumaq qoyulur. Rizə Küftə Qoyun əti - 330q, baş soğan - 100q, ərinmiş yağ - 40q, şərab sirkəsi - 20q, şəkər - 10q, tomat püresi - 15q, keşniş və şüyüd - 25q, istiot - 0,1q, duz.
Qoyun əti qiyməsindən hər pay üçün 10-12 ədəd 20-30 qramlıq küftəciklər hazırlanıb yağda qızardılır. Ayrıca yapğda qızardılmış soğana tomat püresi əlavə edilib bulyonda açılır, üzərinə sirkə, şəkər, istiot və duz vurulub sous hazırlanır. Qızardılmış küftəciklərə sous tökülüb 5-10 dəqiqə öz buğunda bişirlir. Süfrəyə verdikdə üzərinə göyərti səplir. Azərbaycansayağı Ət Qızartması Qoyun əti - 330q, qoyun böyrəyi - 85q, kərə yağı - 25q, baş soğan - 50q, təzə pomidor - 100q, buğda unu - 90q, keşniş və şüyüd - 12q, istiot - 0,1q, duz.
Qoyun ətini hər paya 4-5 ədəd olmaqla doğrayır və böyrəyi pərdədən təmizləyib iki yerə bölürlər. Ətlə böyrəyə duz və istiot vurub yağda qovurur, qızardılmış soğan əlavə edirlər. Lüləkababda olduğu kimi lavaş hazırlanır. Süfrəyə verdikdə boşqaba əvvəlcə lavaş qoyulur, onun içinə ət qızartması, yanlarına isə pomdor düzülüb göyərti səpilir. Səbzi Qovurma Qoyun əti - 330q, baş soğan - 50q, ərinmiş yağ - 25q, abqora - 10q, və ya lumu turşusu - 0,3q, zəfəran - 0,1q, göyərti - 200q (ispanaq və turşəng - 50q, keşniş və şüyüd - 50q, kəvər - 50q, göy soğan - 50q) istiot, duz.
Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır. Sonra yağda qızardılmış soğan, zəfəran şirəsi, lumu turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, turşəng, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur. Yayma Düyü - 67q, süd - 100q, ərinmiş yağ - 15q, şəkər - 15q, zəfəran - 0,1q, duz.
Süd eyni miqdarda su ilə qarışdırılır, içinə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verdikdə üstünə yağ tökülür. Əzmə Qoyun qara ciyəri - 354q, quyruq - 65q, istiot - 0,1q, duz.
Qara ciyər pərdələrdən təmizlənir və qoyun quyruğu ilə duzlu suda yarımhazır vəziyyətə gəlincə bişirilir. Sonra ətçəkən maşından keçirilir, istiot, vurulub hazır olunça tavada qovrulur. Övriştə Toyuq əti - 270q, ərinmiş yağ - 30q, zoğal qurusu - 100q, baş soğan - 50q, şəkər - 5q, istiot - 0,1q, duz.
Emal olunmuş toyuq 30-35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olunca bişirilir. İspanaq Çığırtması İspanaq - 350q, turşəng - 100q, cəfəri və ya şüyüd - 15 q, baş soğan - 50q, yumurta - 2əd., ərinmiş yağ - 30q, qatıq - 100q, istiot, duz.
Göyərti təmizlənir, yuyulur, iri-iri doğranıb pörtlədilir. Baş soğan ayrıca yağda qızardılır, göyərtiyə qatılıb duz və istiot vurulur. Üzərinə çalınmış yumurta tökülüb qızdırıcı şkafda bişirilir. Süfrəyə verdikdə hazır xörəyin üstünə yağ tökülür, yanına isə qatıq qoyulur. Mənbəə : Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
|