| KİV & Cəmiyyətimiz |
|
Bu sualin cavabını vermədən bəzi şeylərə diqqət edək. İlk olaraq televiziyamıza nəzər yetirək. Bu günkü televiziyamız bizə nə göstərir? Göstərilənlər bizə bir şeylər öyrədirmi? Əlbəttə öyrədir. Amma özlərini ulduz sayanların həyatlarını, yaşayış tərzlərini və bir çox əhəmiyyətsiz verilişlərli göstərərəkdən bizlərə nələri öyrətdiyini hələ də bilmirik. Televiziya yayımlarında ən əlverişli vaxt deyilən saatlar var. O saatlara əlverişli vaxt deyilməsinin səbəbi, insanların günün bəzi saatlarında televiziya qarşısında çoxluq təşkil etməsiylə əlaqələndirilir. O saatları bizim televiziya şirkətlərimiz insanlara, xalqımıza xeyiri olacaq məlumatlar çatdırmaq əvəzinə, daha çox əcnəbi tele-seriallara və bir çox əhəmiyyətsiz proyektlərlə bəzəyir. Bunların millətimiz adına heç bir xeyirinin olmadığını dərk edirikmi? Deyəsən onları bu sualdan daha çox öz cibləri maraqlandırır. Onlar üçün ən önəmli olan göndərilən sms sayları və alınan reklam saniyələridir. Xalqın mənəviyyatının necə formalaşacağı heç önəmli deyil. Niyə görəsən xalqa xeyiri olacaq islam dini adına heç bir programa rast gələ bilmirik? Yəqin gətirəcəyi qazanc miqdarı digərlərindən geri qalır ona görə. Bütün bunların Azərbaycanlılığı qorumağa böyük bir zərbə olduğunu düşünmək lazımdır. Bu gün bunlara sədd çəkilməzsə gələcəkdə çox böyük problemlərlə üzləşəcəyik. Bu problemlər nə ola bilər? Biraz fikirləşməklə bu suala çox gözəl cavablar taparıq. Bu gün bizlərə firəvan yaşayışlı olaraq göstərilən ulduzları və onları televiziya qarşısından izləyən yeni, gənc, orta yaşlı nəsillərimizi düşünək. Açıqcası onlara ulduz söyləmək göydəki ulduzları yerə vurmaq qədər böyük bir qəbahətdir. Amma nə də olsa onlar öz fikirlərində ulduzluğlarını danılmaz hesab edirlər. Və onların bu davranışları televiziya önündəki yeni nəslimizə çox mənfi dərəcədə təsir edir. Söhbəti edilən həmən insanlar haqda hər gün göstərilən firəvan ev şəraiti, xarici maşınlar yeni-yetmələrdə, gənclərdə ulduz olmaq həvəsini oyandırır. Hər kəs sabah bu sənət yolunu seçməklə onlar kimi yaşayacağını zənn edir. Halbuki, biz onların yaşayışında heç bir xoşbəxtlik əlaməti görmürük. Uşaqlıq illərimizdə hamımıza soruşulan bir sual var idi. Böyüdüyün zaman nə olmaq arzusundasan? Bizlərin cavabları həkim, hakim vəya bəzi izlədiyimiz filmlərdən seçilən baş qəhrəman obrazı olurdu. Amma indi artıq bu cavablara elə də rast gəlmək olmur. Yeni yetişənlərin çoxunun bir nəfər kimi tək cavabı var bu suala! O da müğənni vəya ulduz olmaq. Bu cavabların verilməsinin səbəbi televiziyada göstərilənlərdir. Və çox sağolsun televiziya şirkətlərimizin bir çoxu onların bu istəklərinə dəstək olurlar. Hər yeni mövsümdə təzələnən yeni ulduzları seçmə proyektleri yeni yetişən nəsili “müğənni olmaq istəklərinə” bir addım daha yaxınlaşdırır. Yeni ulduz seçilmək həvəsində olanlar hər yeni gələnin, digərlərini unutdurduğunun fərqində də deyillər. Yeni ulduzları seçməklə yanaşı gülüş ulduzları vəya başqa əhəmiyyətsiz ulduzları da xalqın arasından seçməyə çalışırlar. Doğma torpaqları düşmən ayağı altında olan bir millətin ‘milli qəhrəman’ seçmək əvəzinə günü gündən tazələnən yeni-yeni ulduzlar seçməsi də çox düşündürücüdür. Düşündürücü olduğu qədər də çox qəribədir. Bunlara baxaraqdan necə xoşbəxt bir gələcək nəsillərimizin olacağını açıq şəkildə görmək mümkündür. Bir çoxlarımızda düşünmək qabiliyyəti əvəzinə görüb götürmək qabiliyyəti çox gözəl inkişaf edib. İzlədiklərimiz vasitəsiylə bəzi bizə xas olmayan xüsusiyyətləri tezliklə görüb götürməyi bacarırıq. Buna adicə misal olaraq, izlənən tele-seriallardan vermək olar. Göstərilən əcnəbi tele-seriallarin baş qəhrəmanlarının adlarını özümüzə fəxrlə yaraşdıra bilirik. Halbuki o qəhrəmanlardan daha da cəsarətli film qəhrəmanlarımız bir zamanlar olub. Adı çəkilən tele-serialın bəzi cinayətlərin yaranmasına da zəmin yaratdığını bilirik. O tele-serialların çəkildiyi dövlətlərdə bu problemlər tez-tez ələ alınır və qarşısını almaq üçün də əllərindən gələni əsirgəmirlər. Amma bizlərin bu heç vecinə deyil. Televiziya şirkətlərinin yayımlarına nəzarət edən quruluşumuz bunlarla heç maraqlanmır və maraqlanmaq niyyətində də deyil. Bu səbəbdən bir çox televiziyamızda "siyasətə qarışma, istədiyini yayımla" anlayışı mənimsənib. Və hər keçən gecənin səhərində yeni-yeni bizə yaraşmayan verilişləri efirlərimizdə canlandırırlar. Televiziya yayımlarında gecə saatlarında verilişlər də bir fərqli olur. Ədəbsiz səhnələrlə bəzənmiş filmlər, insanların zəng edərək pul qazanacağını iddia edən qızlar. Sözü edilən verilişi aparan qızlar "Azərbaycanlı xanım" anlayışına nə qədər uzaq olduqlarını bilirlərmi? Günah belələrini 5-10 manat qazanmaq naminə efirə buraxanlardadır. Bəs o verilişə zəng edib qoyulan məbləği udmaq arzusunda olanlar necə? Onlar da bu saxta oyunlarla dolandırıldıqlarını bilirlərmi? Bunların dilə gətirilməsinin səbəbi, heç bir şey qazanmadan daima itirən Azərbaycan millətinin olmasıdır. Nələri itirdiyimizi sadalamağa dəyməz yəqin ki. Bəs digər kütləvi informasiya vasitələrimiz nə vəziyyətdədir? Məsələn mətbuatımız. Bu günkü mətbuatımız bizim işimizə yarayırmı? Yoxsa yenə də birilərinin cibinə və xeyrinə mi yarayır? İlk olaraq buna toxunmaq lazımdır ki, bizim xalqımız oxumağı o qədər də sevən bir xalq deyil. Daha çox bizə sərf edilənləri eşitməyi sevirik.Gedərək avropalaşmaq yolunu seçənlərimiz niyə onlardan oxumaq qabiliyyətini götürmürlər? Onlar hara getsələr də, çox vaxt yanlarında daşıdıqları bir kitabları olur. Amma biz onların bu xasiyyətlərini götürmürük. Bəlkə də görə bilmirik onun üçün götürmürük. Halbuki, oxumağa çox ehtiyamizi var. Daha çox onlar kimi geyinməyə, görünməyə, oxumağa, rəqs etməyə cəhd edirik. Bax bunların nəticəsində öz doğma mədəniyyətimiz yavaş-yavaş arxivə doğru yol alıb irəliləyir. Bütün bunların səbəbi, istər televiziyamızın istər mətbuat orqanlarımızın bizlərə nə çatdırması gərəkdiyini bilməməsidir. Və ya bilib də əməl etməməsidir. Qəzet və jurnallarımızın vəziyyəti də heç ürək açıcı deyil. Jurnallarımız televiziyada göstərilənləri çap etməklə məşğuldur. Bəs qəzetlər? Qəzetlərimizdə yazıçılıq sənətini davam etdirmək yolunu seçənlər var mı aramızda? Yoxsa daha çox bu işi bilməyənlər öz öhdəsinə götürüb yazmağı? Və ya çox gözəl bacarıb da yazmaq istədiklərini yaza bilməyənlər mi var? Niyə görəsən? Birilərinə mi sərf etmir. Biri onlara keçirməyəcək sədd mi çəkib? Bu səddi çəkənlər niyə digərlərinə sədd çəkmir? Deyəsən bu suallar bu günkü şəraitə uyğun olaraq elə cavabsız qalacaq. Müasir dövrün müasir dostu. İnternet. Günü gündən artan yeni istifadəçilərimiz və doğma Azərbaycan internet səhifələrimiz. Nə qədər doğmadır bu səhifələr bizə? Bizə Azərbaycanlılığımızı xatırladacaq bir şeylərə rast gəlirik mi o səhifələrdə? Yoxsa daha çox əyləncə üçün mü yaradılıb o səhifələr? Açılış qiyməti ucuz olan bu səhifələr zaman keçdikcə daha da çoxalır. Hamısı da eyni formada, eyni yöndə hərəkət edir. Burdan da o nəticəyə gəlmək olar ki, bir çox kütləvi informasiya vasitələrinə zamanında,yerində müdaxilə edilməzsə, gələcəkdə başımıza bir çox dərdlər almış olacağıq. Və sonda bunu qeyd etməkdə fayda var ki, deyilən bir çox sözləri bütün millətə uyğun tutmaq düzgün deyil. Özlüyünü qoruyan vətəndaşlarımızın var olduğunu çox gözəl bilirik. Və həmən şəxslərlə çiyin-çiyinə verərək səsimizi hər kəsə duyuracağımızdan əminik ! |
